“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu

Arrow
Arrow
Slider

 

Azərbaycan Respublikasının Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisinin Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu və Ağstafa rayonunun ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Qədim tarixə malik, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıq kəndi özünəməxsus coğrafi mövqeyə və unikal memarlıq görkəminə malikdir. Burada orta əsrlərə aid Atəşpərəst məbədi, Xıdır Nəbi türbəsi, Şeyx Şalbuz, Əbu Müslim məscidləri, mağaralar və çox sayda öyrənilməmiş arxeoloji abidələr mövcuddur.
Ağstafa rayonunda yerləşən Keşikçidağ mağaralar kompleksi də təkraredilməz relyefə, təbiətə malik və çoxsaylı arxeoloji abidələrlə zəngin olan mədəni-tarixi ərazidir. Ulu əcdadlarımızın sitayiş və sığınacaq yeri olan mağaralar bu günə qədər qorunmuşdur.
Bu tarix və mədəniyyət abidələrinin qorunub saxlanılmasını və mühafizəsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisi Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu elan edilsin.
2. Azərbaycan Respublikasının Ağstafa rayonu ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksi Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu elan edilsin.
3. Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilsin.
4. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üç ay müddətində Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əsasnamə layihələrini, strukturları və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclərin Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş mərkəzləşdirilmiş xərclər hesabına həyata keçirilməsini təmin etsin.
6. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üç ay müddətində Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, müvafiq olaraq Quba Rayon İcra Hakimiyyəti və Ağstafa Rayon İcra Hakimiyyəti ilə birlikdə, müvafiq olaraq Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun mühafizə zonalarını əks etdirməklə həmin qoruqların sərhədləri barədə təkliflərini təsdiq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
7. Quba Rayon İcra Hakimiyyəti və Ağstafa Rayon İcra Hakimiyyəti:
7.1. üç ay müddətində müvafiq olaraq Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati bina ilə təmin olunması üçün zəruri tədbirləri həyata keçirsinlər;
7.2. aidiyyəti orqanlarla birlikdə qeyd edilən qoruqların məqsədlərinə uyğun olmayan qanunsuz tikinti və təsərrüfat işlərinin qarşısının alınması üçün qanunvericiliyə uyğun təxirəsalınmaz tədbir lər görsünlər.
8. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamın icrası ilə bağlı maliyyə vəsaitinin ayrılmasını təmin etsin və bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
9.Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.