Hesabat

Ağstafa rayonunun Ceyrançöl ərazisində aşkar edilmiş
arxeoloji abidələr barədə hesabat

      “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşlarının qoruğa yaxın ərazidəqədim qəbirlərin mövcudluğu barədə verdikləri məlumatı yerindəcə yoxlamaq üçün 2011-ci ilin iyun ayının 24-25-də həmin əraziyə səfər etdik. Ərazi şimaldan “Keşikçidağ” qoruğunun sərhədləri, cənubdan “Karvan dərəsi” deyilən dərə ilə hüdudlanır. Sahə əsasən düzənlikdən ibarətdir. Ərazidən otlaq sahəsi kimi istifadə edilir. Bura baxış zamanı qoruq əməkdaşlarının verdikləri məlumat öz təsdiqini tapmışdır. Yəni bu ərazidə doğrudan da qədim qəbirlərin olduğu müəyyən edilmişdir. Buradakı qəbirlər bir neçə hektar ərazini əhatə edən kurqanlardan ibarətdir. Hazırki məqamda otların hündürlüyü və kurqan örtüklərinin əsasən müasir yer səthi ilə eyni səviyyədə olması səbəbindən onların sayını müəyyənləşdirmək mümkün olmadı. Lakin burada onlarla kurqan tipli qəbirlərin olduğu müəyyənləşdirildi. Sahədə heyvandarlıqla əlaqədar olaraq süni göllərin yaradılması zamanı qədim qəbir abidələri dağıntıya məruz qalmışdır.
      Kurqanların örtüyünün diametri bəzən 10-12 m-ə yaxınlaşır. Kurqan örtükləri çay daşlarından ibarətdir. Bu kurqanların aid olduğu dövrü müəyyən etmək üçün onlardan birində qazıntı işləri aparıldı. Kurqanın mərkəzində aşkar edilmiş qəbir kamerasında heyvan sümükləri, 2 ədəd saxsı qab aşkar edildi. Qəbirdə insan skletinə rast gəlinmədi. Azərbaycanın qərb bölgəsində yayılmış Xocalı-Gədəbəy mədəniyyətinə aid qəbir abidələrinin bəzilərində insan skeleti aşkar edilməmişdir. Bu tip qəbirlərdən biri də məhz hazırki qazdığımız kurqandır. Aşkar edilmiş keramika məmulatı əsasında bu kurqanı son tunc-erkən dəmir dövrünə - e.ə. II minilliyin sonlarına aid etmək olar.
      Böyük Kəsik qəsəbəsindən təqribən 5 km şərqdə daha bir neçə kurqan aşkar edildi. Bunların Keşikçidağ yaxınlığındakı kurqanlardan fərqi ondan ibarətdir ki, onların örtükləri hündür olub (2 m-ə qədər) daha iri həcmlidirlər. Onlardan birinin örtüyünün ətəyində üst paleolit dövrünə aid obsidiandan hazırlanmış alətlər aşkar edildi. Görünür burada hələ daş dövründə qədim insan düşərgəsi mövcud olmuş, tunc dövründə isə burada kurqan qurulmuşdur. Bu kurqanın örtüyünün qurulması zamanı daş dövrü alətləri də qarışdırılaraq kurqanın örtüyünə atılmışdır.
      Aşkar edilmiş tunc dövrünə aid bütün bu kurqanların mühafizəsinin təşkil edilməsi üçün onların “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun sahəsinə daxil edilməsi məqsədə uyğundur.

 

               AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun

                 
elmi işlər üzrə direktor müavini:                             N.Ə.Müseyibli